Şirkətlərin əsas məqsədi mənfəəti artırmaq (maksimumlaşdırmaq) və uzunmüddətli dövrdə mənfəət baxımından ardıcıllığı təmin etməkdir. Digər şərtlər sabit qaldıqda, bunu satışı artırmaqla (fiziki və ya pul ifadəsində), başqa sözlə bazar payını artırmaqla təmin edirlər. Bu baxımdan bazarın həcminin və bazar paylarının öyrənilməsi şirkətlər üçün bir xəritə əhəmiyyəti kəsb edir. Necə ki, dövlətlər xəritələrlə sərhədlərini bilir, qoruyur və ya genişləndirir, şirkətlər də bazar həcmini, özlərinin və rəqiblərinin bazar paylarını bilməklə oyun qazandıran strategiyalar hazırlayır.
Araşdırma haqqında
Bazar həcminin müxtəlif ölçüləri vardır:
o Məcmu bazar həcmi və ya Məcmu Əlverişli Bazar (TAM – Total Available Market)
o Xidmət olunan Əlverişli Bazar (SAM - Served Available Market)
Məcmu bazar həcmi müəyyən ildə və təchizat zəncirinin müəyyən nöqtəsində bazarda satılan hər hansı məhsulun (xidmətin) miqdarı və ya dəyəridir. Ümumi bazar həcmi həm ölçü vahidləri, həm də pulla ifadə olunur. Bazarın böyüklüyü bazar imkanlarının göstəricisidir və şirkətlər böyük bazarlarda fəaliyyət göstərməyi üstün tutur.
Ancaq böyük bazar həcmi heç də həmişə böyük imkan demək deyil. Bazarın əsas alıcıları şirkətin məhsullarını almaqda istəksiz ola bilər və ya şirkət həmin bazarda məhsul satmaqda maraqsız ola bilər. Bu nöqtədə bazar həcminin yeni ölçüsü meydana çıxır - Xidmət oluna bilən Əlverişli Bazar.
Xidmət olunan Əlverişli Bazar bazarın şirkətin mövcud satış kanalları ilə xidmət oluna biləcək hissəsinə istinad edir. Məsələn, yalnız qəhvə restoranları vasitəsilə qəhvə satan bir şirkət, eyni yolla satılan bütün kofe fincanlarının həcmini özü üçün SAM hesab edir. Ancaq supermarketlərdə paketdə satılan qəhvə dənəcikləri həmin şirkət üçün SAM – a daxil olmayacaq.
Araşdırmanın məzmunu və əsas faydaları
Bazar həcmi araşdırmaları əsasən aşağıdakı məqsədlərlə həyata keçirilir:
- Mövcud satışları artırma planı hazırlamaq
- Şirkət və rəqiblərinin bazar paylarını, bazardakı mövqelərini qiymətləndirmək
- Bazara yeni məhsullar çıxarmaq və ya yeni bazara daxil olmaq
- Hər hansı seqmentə görə məhsulları mövqeləndirmək, seqmentlər üzrə bazar payını öyrənmək
- Hədəf bazar üçün marketinq strategiyası hazırlamaq