Biznes plan nədir?
Biznes plan yeni qurulacaq və ya mövcud şirkətin ayaqda qalması, inkişafı üçün lazım olan plandır. Potensial və ya mövcud şirkətin gələcəyinin yazılı formaya salınmış halıdır. Nələr edəcəyinizi və onları necə edəcəyinizi göstərən bir sənəddir. Şirkətin varlığını qoruyub saxlaması üçün nələrin edilib edilməməsinə qərar verici sənəd olmaqla, gələcək yolunu planlaşdıran bir xəritədir. İş sahibinin işə nə qədər ciddi və professional yanaşdığının bir göstəricisidir. Potensial sahibkarın o biznesi qurmaq xəyalı ilə gerçək biznes arasındakı əlaqəni təmin edən və hər şirkət qurulmamışdan öncə yazılması lazım olan plandır. Yaxşı tərtib olunmuş biznes plan sahibkarın əlindəki ən böyük silahıdır.
Biznes plan feasibility çalışması və ya biznes model deyil
Biznes plan feasibility çalışması və ya biznes modellə qarışdırılmamalıdır. Feasibility çalışması bir işin görülə bilərliyininin araşdırılmasıdır. Başqa sözlə desək, işin layihə mərhələsində biznes plan yazılmamışdan əvvəl ideyanın, işin alınıb alınmayacağına aid, alınacaqsa təqdim olunan ssenarilərdən hansında uğurlu olacağına aid bir çalışma örnəyidir. Feasibility çalışmasındakı nəticələrə uyğun olaraq biznes planın yazılıb yazılmamasına yəni, o işin görülüb görülməməsinə dair qərar verilir.
Biznes model isə 4 əsas sütun (müştəri, məhsul, baza və maliyyə) üzərində qurulan 9 hissədən (Müştəri seqmentləri, dəyər təklifi, kanallar, müştəri əlaqələri, gəlir, əsas mənbələr, əsas fəaliyyətlər, ortaqlıqlar, xərclər) ibarət olan ilk baxışdan vizual olaraq şirkətin ilkin görünüşünü ortaya qoyan bir modeldir. Alexander Osterwalder-in biznes modeli rahat izah etmək üçün istifadə etdiyi cümlədəki kimi desək, biznes model bir şirkətin dəyəri necə yaradıb, necə bölüşdürdüyünü və necə maliyyə davamlılığını təmin etdiyini göstərən məntiqi modeldir.
Biznes plan nə üçün lazımdır?
Biznes plan
- Bankdan kredit almaq
- İnvestor cəlb etmək
- Partnyor cəlb etmək
- Şirkətin daha yaxşı necə idarə oluna bilinəcəyini görmək:
- Başlanğıcdan böyümək üçün pillələri qalxmaq
- Əngəlləri öncədən görüb hazırlıqlı olmaq
- Əməkdaşlarınızın sizinlə eyni vizyonu paylaşması
- Mənbələrdən doğru istifadə etmək
- Fürsətləri ən yaxşı şəkildə görmək
- Şirkətin hədəflərinin müəyyən edilməsi və s. üçün lazımdır
Biznes planın lazım olmadığını və yazılmadan da, uğurlu olmuş sahibkarlar və bizneslərin bilməsi lazım olan odur ki, bu günə qədər plansız və uğurlu olmuş işlərin bundan sonra da, uğurlu davam edəcəyi heç bir halda sığortalanmayıb.
Bir biznes qurulmamışdan əvvəl potensial sahibkarın ağlına gələn biznes ideyasını iki halda uğurlu biznesə çevirə bilməməsinin qarşısını almaq üçün yazılır:
1. Ətrafında gördüyü və həmin işdə uğursuz olmuş təşəbbüskarlığı görüb, ondan imtina etməsinin
2. Ətrafında gördüyü və həmin işdə uğurlu olmuş təşəbbüskarlığı görüb, həmin an o işə başlamasının
Bir çox sahibkarın düşündüyü kimi karvan yolda düzələr fikriylə işə başlayan sahibkarla, məsələn, kiçik bir ərzaq mağazası açacaq adamın əvvəl yeri götürüb, oranı məhsul sata biləcək formaya gətirmək üçün kifayət qədər əmək sərf edib, təmirinə pul xərcləyib, satılacaq məhsulları sifariş verib, obyektin üzərinə reklamları yerləşdirdikdən sonra oturub müştəri gözləməsində biznesə baxış olaraq bir fərq yoxdur. Biznes plan şirkət qurulmamışdan əvvəl müştərini tanımaqda, hansı məhsulların satılacağının müəyyən olunmasında, şirkətin əməkdaşlarının kimlərdən ibarət olacağını, müştərilərin o şirkətdən gözləntilərinin nə olacağını, rəqiblərinin kim olacağını, aylıq, illik xərclərinin nə qədər olacağını və bu xərcləri qarşılayıb mənfəət əldə etmək üçün nə qədər satış etməsi lazım olduğunu bilmək üçün lazımdır.
Biznes planın həcmi nə qədər olmalıdır?
Bir biznes planın standart həcmi yoxdur. 10 səhifədən də, ibarət ola bilər 300 səhifədən də. Qurulacaq biznesə görə həcmi dəyişilə bilər. Sadə və hamı tərəfindən bilinən bir biznes ideyanız varsa və planda yazılacaqları həcmi böyük olsun deyə uzadıb çox yazmaq biznes planın praktikliyini azaldır. Əgər yeni və fərqli ideyalarınız varsa, yeni bir bazar yaradırsınızsa və ya mövcud bazarda önəmli dərəcədə dəyişikliklər edə biləcək bir plan hazırlayırsınızsa biznes planı təqdim edəcəyiniz şəxsə tam izah etməyiniz üçün böyük həcmli yazmaq məcburiyyətində ola bilərsiniz.
Biznes plan necə hazırlanır və strukturu necə olmalıdır?
Necə hazırlanmağından əvvəl özünüzə verməli olduğunuz sual kim üçün hazırlandığıdır. Çünki biznes plan onu oxuyacaq tərəfi nəzərə alıb sonra yazılması lazım olan bir plandır. Biznes plan strukturları üçün qısa bir araşdırma etsəniz minlərlə fərqli formalarda biznes plan nümunələri tapa biləcəksiniz. Biznesin olduğu sektordan, nə üçün, kim üçün yazıldığından və s. asılı olaraq müxtəlif strukturlar formalaşdırıla bilər. Məsələn, bir investora təqdim ediləcək biznes planı investorun istəyi ilə hər hansı hissəsini daha geniş və daha ətraflı izahlı edə bilərsiniz. Strukturla bağlı araşdırma edərkən qərb mənbələrində ən çox istifadə olunan struktur (Executive summary, Mission Statement, Company Backround, Product Description, Marketing Plan, Competitor Analysis, SWOT Analysis, Operations, Financial Planning, Timeline) kimi bir neçə forma qarşınıza çıxacaq. Önəmli olan strukturu öz biznes planınızın yararlılığı üçün daha praktiki formaya necə sala biləcəyinizi müəyyən edə bilməyinizdir.
Biznes plan neçə müddətdən bir və nə üçün dəyişdirilməlidir?
“Biznes planlarınızı bazarda baş verən dəyişiklikləri qabaqlamaq və bu dəyişikliklərə uyğunlaşmaq üçün daim dəyişməlisiniz.” - Jon Feltheimer
Biznes planı xəritəyə yol xəritəsinə oxşatdığımız üçün ərazi dəyişildikcə xəritənin də, dəyişməli olduğunu bilməliyik. Dəyişdirilmə, əlavələr etmə və çıxarmalar olduğunuz sektordan asılı olaraq dəyişir. Əgər statiklik hökm sürən sektordasınızsa 1 il sonra dəyişə biləcəyiniz biznes planınızı sürətli dəyişikliklərin olduğu sektorda 1 aya da, dəyişməyiniz lazım ola bilər. Bu dəyişikliyin vaxtı gəldiyini ilk öncə gördüyünüz işlərlə biznes planın arasında əlaqəsizliyi gördüyünüz an bilə bilərsiniz. Bu hallarda:
- Sektorda dəyişikliklər varsa; Biznesinizin olduğu sektor biznes planı yazdığınız vaxtdakı kimi deyilsə, gördüyünüz işin spesifik xüsusiyyətlərini sektora uyğunlaşdırmaq üçün
- Şirkəti böyütmək üçün əlavə investisiya lazımdırsa; Şirkətin mövcud vəziyyətindən yuxarı qaldırmaq üçün yenidən investisiya lazımdırsa, bu halda siz kapitalı cəlb edəcəyiniz subyektə şirkətin son vəziyyətindəki biznes planını göstərmək üçün
- Bazarda dəyişiklik varsa; Müştəri zövqləri, trendlər və bazar şərtləri dəyişirsə o dəyişikliklərə uyğunlaşdırmaq üçün
- Şirkətiniz inkişaf edibsə; Şirkətdə işlər istədiyinizin yuxarısında gedir və inkişaf etmiş hətta biznes planınızı geridə qoyan sürətli inkişaf etmiş biznesinizə uyğun yeni hədəflərinizin yer aldığı plan üçün
- İdarəetmədə dəyişikliklər varsa; Şirkətin komandasında köklü dəyişikliklər varsa, yeni komanda üzvlərini nəzərə alaraq biznes planda dəyişikliklər etmək
və bir sıra başqa hallar üçün biznes planınızı yeniləmək lazım olur.
Uğurlu biznes plan üçün tövsiyələr
- Bu planın adı üstündə biznes plandır, biznes plan xəyali plan olaraq qalmamasını istəyirsinizsə, orada yazılacaq hər detalı reallığa uyğun yazmalısınız.
- Biznes plan peşəkar şirkətlər və ya fərdi konsultantlar tərəfindən yazılmalı, lakin sahibkar və ya onun komandası bu subyektlərlə işin bütün mərhələlərində sıx əməkdaşlıq etməlidir. Biznes planın yazılmasında təcrübəli sahibkarlar biznes planlarını özləri tərtib edə bilər, lakin bu iş üçün müxtəlif ixtisas sahiblərindən – maliyyəçi, marketoloq və s. ibarət komanda formalaşdırmaq lazımdır.
- Bir hazır biznes planı götürüb dəyişikliklər edərək öz biznes planınız etməyin. Çünki, hər sektorun, hər bazarın və hətta eyni bazardakı oxşar işləri görən kiçik şirkətlərin belə çox fərqləri var. Bu tip fərqlilikləri nəzərə alaraq öz şirkətiniz üçün hazırlanmış ona özəl dizayn edilib formalaşdırılmış tək bir biznes planı olmalıdır.
- Biznes planı yazarkən yalnız masabaşı araşdırmalar etməyin. Bu hissədə əraziyə enmək lazımdır. Sahədə işi, tələbi, təklifi, alıcını və digərlərini özünüz görsəniz daha praktiki biznes plan yazmağınızda mütləq ki, faydası olacaqdır.
- Sektora uyğun olaraq məsləhət ala biləcəyiniz adamlardan məsləhət almaqda çəkinməyin. Planı hazırlayarkən işi bilən adamlardan maksimum dərəcədə ala biləcəyiniz qədər çox informasiya toplayın.
- Biznes planı çətinləşdirməyin, ilk öncə bacardığınız qədər sadə dillə, öz sözlərinizlə yazın. Sonra yazdıqlarınızı təkmilləşdirdikcə oxuyacaq tərəf üçün daha anlaşıqlı və oxunaqlı olması üçün qrafik və şəkillər əlavə edin.