İnternet 130 trilyondan çox veb səhifədən təşkil olunmuşdur. Masabaşı araşdırmalar zamanı informasiya ehtiyaclarımızı qarşılayarkən axtardığımız informasiyanı mümkün qədər tez və dəqiq tapmağımız olduqca əhəmiyyətlidir. Lakin, bu bəzən samanlıqda iynə axtarmaq qədər çətin və yorucu işə çevrilir.
Google dünya üzrə axtarış motorları bazarına 80.2% (Feb 2018, Net MarketShare; Statcounter'ə görə isə 91.7%) payla liderlik edir. Bir dəqiqə ərzində Google'da 3.9 milyondan çox axtarış edilir.
Dünyada internet istifadəçiləri tərəfindən ən çox istifadə edilən axtarış sistemi Google həm də çox faydalı araşdırma alətidir. Məhz, bu səbəbdən daha səmərəli araşdırma etməyimiz üçün, başqa sözlə axtardığımız bilgiləri daha tez və dəqiq tapmağımız üçün Google'un axtarış sirlərini bilməyimiz labüddür. Aşağıda Google'da ən vacib axtarış fəndlərini və araşdırma alətlərini sizinlə paylaşırıq.
Infografikə bax
#1 Axtarmağa başlamazdan əvvəl
- Nə axtaracağınızı müəyyənləşdirin
- Ehtiyac olduğu qədər çox sözdən istifadə edin
- Çox az miqdarda söz qeyri-dəqiq nəticələr verir
- “Stop Word” adlanan, əksər axtarış sistemlərinin sürəti artırmaq üçün nəzərə almadığı həddindən artıq ümumi sözlərdən (stop words) qaçınmaq üçün isimlərdən istifadə edin.
- Açar sözlərdən istifadə edin. Məsələn, “Google axtarış fəndləri” şəklində axtarış “Google-da axtarış üçün hansı fəndlər var?” şəklində axtarışdan daha yaxşı nəticə verir.
- Google seçimlərini ehtiyaclarınıza uyğun sazlamaq üçün axtarış parametrlərinə (Search Settings) nəzər salın.
#2 Google'un axtarış qaydaları
- Google axtarış zamanı hərflərin böyük və ya kiçik yazılmasını nəzərə almır
- Sözlər həm böyük hərflə, həm kiçik hərflə və ya bunların kombinasiyası ilə yazıla bilər: Məsələn, AVRO, Avro, avro, AvRo
İstisnalar: Axtarış operatorları “OR”və “AND” böyük hərflərlə yazılmalıdır. Əks halda Google onları axtarışın tərkib hissəsi kimi başa düşür. Məsələn, “ABŞ'ın AND Almaniyanın dövlət borcu” yazdığınız zaman Google “ABŞ'ın dövlət borcu” və “Almaniyanın dövlət borcu” ifadələrinin olduğu kontentləri dəqiqliklə təqdim edir. Lakin, “ABŞ'ın and Almaniyanın dövlət borcu” və yaxud “ABŞ'ın və Almaniyanın dövlət borcu”şəklində axtarış etsəniz Google “ABŞ'ın (və) Almaniyanın dövlət borcu” ifadəsinin olduğu kontentləri daha əhəmiyyətli hesab edir və ilk sıralarda təqdim edir.
- Söz sırası əhəmiyyətlidir
- Google birinci sözə ikinci sözdən, ikinci sözə üçüncü sözdən daha yüksək rənkinq verir. Məsələn, “İnvestisiya bankı” və “Bank investisiyası” axtarışları fərqli nəticələr təqdim edir.
- Google əksər durğu işarələrini və simvolları nəzərə almır
İstisnalar: Dollar işarəsi ($), mürəkkəb sözləri birləşdirən defis işarəsi (məsələn, ex-president), proqramlaşdırma dillərinin adı (məsələn, C++), musiqi terminləri (məsələn, G#).
- Google sözün müxtəlif formalarını avtomatik axtarır
- Google sözün sonunda ulduz işarəsinin sözün formalarını göstərmək üçün istifadə olunmasına icazə vermir. Google avtomatik olaraq sözün bütün formalarını axtarır. Məsələn, siz ingiliscə “work” sözünü yazdıqda “working”, “worked” kimi versiyalar da sizə təqdim olunur.
#3 Daha geniş axtarış üçün alətlər
- İki sözü (ifadəni, termini və s.) eyni anda axtarmaq
- İki ifadənin hər ikisi üçün nəticə almaq üçün OR operatorundan istifadə edin. Məsələn, “Suvarma qurğuları OR sistemləri” şəkilində axtarış həm “suvarma qurğuları” həm də “suvarma sistemləri” üçün nəticələri göstərir.
- Uyğun termindən və ya ifadədən əmin olmadıqda sinonimləri axtarmaq
- İfadə içərisində müxtəlif sözlər uyğun olduqda mümkün qədər geniş axtarış etmək üçün tilda (~) işarəsindən istifadə edin. Məsələn, “Duz istehsal edən ~ firmalar” şəkilində axtarış firmalarla yanaşı “Duz istehsal edən müəssisələr”, “Duz istehsal edən şirkətlər” kimi ifadələri də axtarır.
- Google.com – da axtarış
- İngilis dilində axtarış edərkən daha əhatəli axtarış üçün Google.com – dan axtarış edin. Adi qaydada brauzerdə google.com yazdığınızda sizi yenə lokal Google (google.az) - a yönləndirir. Google.com - a getmək üçün brauzerin adres sətrində “www.google.com/ncr” daxil edin.
#4 Daha böyük fokus üçün alətlər
- Ancaq müəyyən saytlarda axtarış
- Axtardığınız söz və ifadələrdən əvvəl “Site:” operatorunu yazmaqla (boşluq qoymadan) ancaq həmin saytdan nəticələr əldə edə bilərsiniz. Məsələn, “Site:Bimpact.az brend araşdırması” şəkilində axtarış ancaq Bimpact.az – dan olan nəticələri təqdim edəcək. Oxşar olaraq, “Site:edu kurikulum” axtarışı ancaq təhsil saytlarından olan nəticələri təqdim edəcək.
- Müqayisə olunan və rəqib informasiya mənbələrini nəzərdən keçirmək
- Oxşar kontentli saytları göstərmək üçün “related:” operatorundan istifadə edin. Məsələn, “related:economist.com” axtarışı (boşluq qoymadan) bloomberg.com, usatoday.com və s. nəticələr təqdim edir. Bu alət xüsusilə rəqib araşdırması edərkən faydalıdır.
- Spesifik fayl tipləri daxilində olan informasiyanı axtarmaq
- Vebsaytlarda və digər kontentlərdə deyil müxtəlif fayl tipləri daxilində olan detallı informasiyanı axtarmaq üçün “filetype:” operatorundan istifadə edin. Məsələn, “filetype:ppt İstixana effekti”, “filetype:pdf İstixana effekti” və s.
- Ancaq başlıqlar daxilində axtarış
- Axtarılan söz, sözlər və ya ifadəni yalnız başlıqlarla məhdudlaşdırmaq üçün “intitle:” (tək söz və ya ifadə üçün) və “allintitle:” (bir neçə söz üçün) operatorlarından istifadə edin (sözlə operator arasında boşluq qoymadan). Məsələn, “intitle:Azərbaycanda monetar siyasət” şəklində axtarış hansısa mətn daxilində bu ifadə işlənmiş kontentləri deyil, başlığında bu ifadə olan, başqa sözlə birbaşa bu barədə yazılmış xəbər, məqalə və s. kontentləri təqdim edəcək. Başlıqlar yazının əsas məqsədini və istiqamətini əks etdirdiyi üçün bu axtarış aləti vaxta qənaət, dəqiqlik və əhatəlilik baxımından çox faydalıdır.
- Ancaq mətnin gövdəsi daxilində axtarış
- Axtarılan söz, sözlər və ya ifadəni yalnız mətnin gövdəsi ilə məhdudlaşdırmaq üçün “intext:” (tək söz və ya ifadə üçün) və “allintext:” (bir neçə söz üçün) operatorlarından istifadə edin (sözlə operator arasında boşluq qoymadan). Məsələn, “allintext: Excel absolute reference” şəkilində axtarış mətnin əsas hissəsində yalnız “Excel”, “absolute” və “reference” sözləri olan nəticələr verir.
- Yalnız URL daxilində axtarış
- Yalnız veb səhifələrin URL'ları daxilində axtarış etmək üçün “inurl:” (tək söz və ya ifadə üçün) və “allinurl:” (bir neçə söz üçün) operatorlarından istifadə edin (sözlə operator arasında boşluq qoymadan). Məsələn, inurl:apple şəkilində axtarış yalnız url'unda “apple” sözü olan nəticələr təqdim edir.
#5 Daha böyük dəqiqlik üçün alətlər
- Qeyd olunan ifadəni dəqiqliklə tapmaq
- Qeyd olunan ifadəni söz sırasını saxlamaqla və artıq-əksiksiz formada tapmaq üçün ifadəni dırnaq işarəsi (“”) daxilində yazın. Məsələn, “İnkişaf iqtisadiyyatı” ifadəsini axtardıqda Google “İqtisadi inkişaf”, “İnkişaf və iqtisadiyyat” tipli ifadələrə aid nəticələri göstərməyəcək, spesifik olaraq “İnkişaf iqtisadiyyatı”na aid nəticələr təqdim olunacaq.
- Arzuolunmaz sözləri istisna etmək
- İstənilməyən söz və ifadələri axtarışdan xaric etmək üçün əvvəlində defis və ya minus işarəsi (-) yazın. Məsələn, “Marketing management book -Kotler” şəkilində axtarış Kotler'in müəllifi olmadığı marketing management kitablarını təqdim edəcək (Burada defis işarəsi ilə xaric edilən söz arasında boşluq olmamalıdır)
- Sözü olduğu kimi saxlamaq
- Google daha yaxşı nəticələr əldə etmək üçün sözləri tez-tez onların sinonimləri ilə əvəz edir. Əgər axtarışınızda olduğu kimi qalmalı söz varsa o zaman həmin sözün qarşısına plus işarəsi (“+” ) qoyun. Məsələn, “Azərbaycanda +polad zavodu”.
- Bilinməyən sözləri axtarmaq
- Əgər ifadə içərisində hansısa sözdən və ya sözlərdən əmin deyilsizsə və bunun axtarışın keyfiyyətinə təsir etməsini istəmirsinizsə həmin söz və ya sözlərin əvəzinə ulduz (*) işarəsi yazın. Məsələn, "Thomas * Edison" şəkilində axtarış “Thomas Edison” , “Thomas A. Edison” , “Thomas Alva Edison” kimi axtarışlara uyğun nəticələri təqdim edir.
- Çevirmə əməliyyatları
- Müxtəlif ölçü vahidlərini bir-birinə çevirmək üçün “X to Y” şəkilində axtarış edin. Məsələn, “Gallons to liters”.
- Valyutaları çevirmək üçün “A in B” şəkilində axtarış edin. Məsələn, “Dollars in Euros”.
- İtervallarla axtarış
- Hər hansı vaxt/qiymət və s. intervalında axtarmaq üçün üç nöqtəli formuldan istifadə edin ( “XXXX... XXXX”). Məsələn, son üç ildə mal ətinin qiymətləri haqqında xəbərlərdə çıxmış məlumatlara nəzər salmaq üçün “Mal ətinin qiyməti 2016...2018” şəkilində axtarış edin. Qiyməti 400 dollarla 500 dollar arasında olan leptopları axtarmaq üçün “$400...$500 laptops” şəklində axtarış edin.
#6 Ümumi alətlər
- Kalkulyator
- Birbaşa Google axtarış qutusunda riyazi ifadələri yazmaqla sürətli nəticələr əldə etmək mümkündür. Məsələn, axtarış qutusunda “3440*18%” yazmaqla 3440-ın 18%-ni (619.2) hesablaya bilərsiniz və ya “sin 30 degree” yazıb 0.5 nəticəsini əldə edə bilərsiniz.
- news.google.com – dan istifadə
- 1880 –cı ildən bəri arxivlənmiş qəzetləri bu ünvandan oxuyaraq araşdırmanız üçün dəyərli məlumatlar əldə edə bilərsiniz (to search over 100 years’ worth of archived news)
- Ərzaqların/qidaların müqayisəsi
- İki ərzağı/qidanı bir-biri ilə müqayisə etmək və yan-yana nəticə almaq üçün onlar arasında “vs” yazmaq və ya əvvəlində “compare” yazmaq kifayətdir. Məsələn, “apple vs banana” və ya “compare apple banana” yazdıqda alma və bananın qida dəyəri, tərkibindəki maddələr və s. haqqında məlumatlar müqayisəli şəkildə təqdim olunur.
- Sözlərin və terminlərin mənasını axtarmaq
- Əsasən ingilis dilində olan terminləri və sözləri axtarmaq üçün istifadə edə biləcəyiniz bu funksiya “define:” opreratoru ilə yerinə yetirilir. Məsələn, “define:VAT”
- Şəkillə axtarış
- Adını bilmədiyiniz lakin şəkili mövcud olan bir şeyi axtarmaq üçün şəkillə axtarış funksiyasından istifadə edə bilərsiniz.
Sadalanan axtarış alətlərindən istifadə etməklə internet araşdırmalarınızı daha səmərəli edə bilərsiniz. Masabaşı araşdırmalarınızı zənginləşdirəcək digər vacib bacarıq əsas məlumat mənbələrini və onlardan istifadə qaydalarını bilməkdir. Növbəti məqalələrimizdə bu mövzuya toxunacağıq.